Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

              Seysmologiya

Respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi ilə məşğul olur. Seysmoloji tədqiqatlar 84 seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir.

2003-cü ildə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika  ərazisində seysmik monitorinq sistemi yenidən qurulmağa başlamışdır. ABŞ-ın “Kinemetrics” şirkətindən alınan telemetrik seysmik stansiyalar vasitəsi ilə  bölgələrdə seysmik monitorinq aparılır.

                                                                                                                           

Zəlzələlərin tədqiqatı bürosu

Zəlzələlərin Tədqiqatı Bürosu seysmik stansiyalarda qeydə alınmış zəlzələ yazılarının analizi, onların kinematik və dinamik parametrlərinin təyini ilə məşğuldur.

25 noyabr 2000-ci il tarixində baş vermiş güclü (Ml=6.2) Xəzər (Bakı) zəlzələsindən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda seysmik müşahidə şəbəkəsinin ən müasir cihazlarla təchiz edilməsi haqqında göstərişinə əsasən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi üçün 14  dəst  "Kinemetrics" şirkətinin (ABŞ) istehsalı olan, peyk rabitə sistemli, rəqəmsal telemetrik seysmik stansiya alınmışdır və 2003–cü ildən bu müşahidə şəbəkəsi fəaliyyətə başlamışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə seysmik müşahidə şəbəkəsinin 2009-cu ildə RSXM üçün daha 7 dəst "Kinemetrics"  (ABŞ) şirkətinin seysmik stansiyası və “Apple” şirkətinin 2 kompyuterindən  ibarət yeni proqram təminatlı sistem alınmışdır.

2009-2010-cu illərdə seysmoloji müşahidələr şəbəkəsinin  inkişafı və seysmologiya sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi məqsədilə daha 11 "Kinemetrics” stansiyası alınaraq quraşdırılmışdır. 2011-ci ildə RSXM tərəfindən daha 6 telemetrik seysmik stansiya quraşdırılaraq işə salınmışdır və bununla da seysmik stansiyaların sayı 31-ə çatmışdır.

2013-cü ildə isə RSXM tərəfindən daha 4 telemetrik seysmik stansiyalar quraşdırılaraq işə salınmış və bununla da seysmik stansiyaların sayı 35-ə çatmışdır.

Seysmik stansiyaların qurulması üçün Azərbaycan ərazisinin ayrı-ayrı sahələrinin seysmikliyinin səviyyəsi nəzərə alınmaqla seçilərək yerləşdirilmişdir. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir.

 

Məlumatların stansiyalardan qəbul prosesinin sxemi                   Antelope Real Time sistemin illər üzrə yenilənməsi    

 Zəlzələlərin tədqiqatı bürosunda respublika ərazisində yerləşən 35 telemetrik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, partlayışlar, vulkanlar, sürüşmələr emal edilir. Tək stansiya tərəfindən zəif zəlzələlər (Dbheli proqramında) emal olunur. Zəlzələlər kataloqu telemetrik stansiyaların məlumatları əsasında tərtib olunur. Bu kataloqda zəlzələ ocaqlarının  parametrləri (Tₒ , φ, λ, h və ml) təyin olunur.

ArcGİS, ArcView, Excel, Surfer, PowerPoint proqramları ilə episentrlər xəritələri, aktivlik xəritəsi, zəlzələlərin enerjisi, sayı və dərinliyə görə paylanması histoqramı, seysmogeoloji profillər qurulur, respublika ərazisində seysmik aktiv sahələr öyrənilir. Seysmik aktiv ərazilərdə yerləşdirilən mobil  stansiyaların məlumatları bazaya daxil edilir və emal edilir.

Seysmotomoqrafiya hesablamaları Hypoinverse, HypoDD və TomoDD proqramlarında aparılır. Matlab proqramında 3D sürət modelləri qurulur.

Naxçıvan MR Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyaların iş rejiminə nəzarət edilir və tənzimlənir. Həmçinin qonşu ölkələrlə fasiləsiz məlumat mübadiləsi (exchange data) təmin edilir.

 

Makroseysmik tədqiqatlar şöbəsi

Makroseysmik tədqiqatlar seysmoloji tədqiqatların mühüm tərkib hissələrindən biridir və zəlzələnin yer səthində təzahür effektlərinin öyrənilməsinə əsaslanır. Bu tədqiqatlar müxtəlif intensivlik qiymətlərinə malik sahələrin konturlarının müəyyən edilməsinə, seysmik rejim haqqında informasiya verilməsinə, zəlzələ ocağının parametrləri və mühitin quruluşu haqqında fikir irəli sürməyə imkan verir.

Makroseysmik məlumatlar mühəndisi seysmologiya və seysmik mikrorayonlaşdırma işləri zamanı mühüm əhəmiyyətə malikdir.

Makroseysmik müşahidələr nəticəsində toplanmış məlumatların təhlili seysmik effektin həm kəmiyyət, həm də keyfiyyət üsulu ilə qiymətləndirilməsi metodikası əsasında aparılır.

Makroseysmik tədqiqatların yerinə yetirilməsi baş vermiş zəlzələlərin makroseysmik intensivliyini təyin etməkdən ibarətdir. MSK-64 seysmik cədvəli üzrə zəlzələnin gücünü səciyyələndirmək üçün müxtəlif əlamətlərdən istifadə olunur: bina və tikililərin zədələnmə dərəcələri, qruntlarda qalıq deformasiyaları, qrunt suları rejiminin dəyişməsi, titrəyişlərin hiss edilməsi və s.

Makroseysmik titrəyişlər, alınmış statistik materialların analizi intensivliyin balla qiymətləndirilməsinə imkan verir. Nəticə olaraq izoseystlər xəritə-sxemi qurulur və bu da makroseysmik təzahürlərin coğrafi paylanmasını özündə əks etdirir. Daha sonra makroseysmik müşahidələrin nəticələri zəlzələ ocağının parametrlərinin: onun koordinatlarının, dərinliyinin, uzantı istiqamətinin, ölçülərinin və maqnitudasının təyin edilməsi üçün istifadə olunur.

Makroseysmik müşahidələrin lazımi həcminə və dəqiqliyinə nail olmaq üçün makroseysmik müşahidələrin üç əsas metodundan istifadə etmək lazımdır:

-Yerində müayinə (Imax≥VI bal olduqda);

-Sorğu aparılması (zəif hiss olunmuş zəlzələlər zamanı);

-Anketlərin göndərilməsi (II ≤  Imax≤VI bal olduqda);

 Makroseysmik tədqiqatlar şöbəsinin fəaliyyət planı aşağıdakı işlərin yerinə yetirilməsindən ibarətdir:

1. Azərbaycanın tarixi zəlzələlərinin makroseysmik sahələrinin və ocaq parametrlərinin analizi.

2. Zəlzələnin təzahür effektlərini qiymətləndirmək məqsədilə binalarda və relyefdə vizual müşahidələrin aparılması, əhali arasında sorğuların keçirilməsi.

3. Zəlzələnin parametrlərinin təyin olunması.

4. Qrafiklərin, cədvəllərin, xəritə-sxemlərin tərtib edilməsi.

5. Dövrü olaraq elmi məqalələrin çapı.

6.İllik hesabatların hazırlanması

  Zəlzələ ocaqlarının dinamikası şöbəsi

Yer qabığının gərginlik və deformasiya sahələrini öyrənmək  üçün zəlzələ ocaqlarının mexanizmlərinin, zəlzələ ocaqlarının dinamik  parametrlərinin qiymətləndirilməsi, onların formalaşması şəraitinin və gərginlik sahələrinin analizi aparılır.

Şöbənin elmi fəaliyyətinin əsas istiqamətləri:

  1. Zəlzələlərin (ml≥3.0) ocaq mexanizmlərinin və dinamik parametrlərinin müəyyən edilməsi.
  2. Dalğaların inversiya üsulun əsasında moment tenzorlarının və Mw maqnirudaların hesablanması.
  3. Azərbaycan ərazisinin Yer qabığının müxtəlif seysmoaktiv bölgələrdə üstünlük təşkil etdiyi tektonik hərəkətlərinin müəyyənləşdirilməsi.
  4. Zəlzələ ocaqlarının mexanizmlərinin sıxılma (P) və gərilmə gərginlik (T) oxlarının oriyentasiyasının qiymətləndirilməsi.
  5. Gərginlik əmsalının (Lode-Nadayi) paylanma xəritəsinin qurulması və analizi.

P-dalğaların ilk gəlmə qiymətlərin əsasında, 2003-2022-ci illər ərzində baş vermiş zəlzələlərin (M≥3.0) ocaq mexanizmlərinin məlumat bazası yaradılıb. Respublika ərazisinin fərdi seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyətləri müəyyən olunub. 

2003-2022-ci illər ərzində Azərbaycan ərazisində ml≥5.0 olan baş vermiş zəlzələlərin ocaq mexanizmləri​​​​

 1.1. Beynəlxalq seysmotomoqrafiya laboratoriyası

Yer qabığının srukturunu öyrənilməsi üçün inkişaf etmiş və dünyada geniş istifadə olunan metodlardan biri seysmik tomoqrafiya üsuludur. Bu vaxta qədər Azərbaycan ərazisinin sürət modelini tərtib edərkən geofiziki məlumatlardan istifadə olunurdu. Azərbaycan ərazisində son illərdə ən müasir rəqəmsal seysmik müşahidə şəbəkəsinin yaradılması və genişləndirilməsi (84 seysmik stansiya fəaliyyət göstərir) bu ərazidə seysmotomoqrafiya işlərinin aparılması üçün böyük prespektivlər açmışdır. Yer təkinin dərinlik quruluşunu tədqiq edərkən tətbiq olunan seysmik tomoqrafiya üsulu, həcmi dalğaların zəlzələlərdən gəlmə vaxtının məlumatları əsasında, Yer qabığının və mantıyanın strukturu və fiziki xüsusiyyətləri barədə müstəqil məlumat almağa imkan verir. Hesablama sistemlərin inkişafı yeni qeydetmə cihazlarından istifadə edərək və hesablama üsulunu təkmilləşdirərək, yerin üst qatlarının sürət strukturunu bərpa etmək istiqamətində effektiv və dəqiq təyin etməyə şərait yaradır. Geoloji və geofiziki tədqiqatların məlumatları ilə birlikdə tomoqrafik model kompleks geoloji-geofiziki modellərin qurmaqda istifadə oluna bilər.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (AMEA nəzdində RSXM), ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının (LLNL) və ABŞ-ın Missuri Elm və Texnologiya Universiteti ilə 2007-ci ildən birlikdə zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığının strukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində  tədqiqat aparırlar. Bu metodlarının tədbiqi Yer qabığının regional və lokal srtukturlarını yüksək dəqiqliklə öyrənərək mükəmməl geodinamik modellərin qurulmasına imkanlar verir. Bununla əlaqədar 2014-cü ildə RSXM-də  LLNL və Missuri Elm və Texnologiya Universiteti ilə birlikdə Beynəlxalq seysmotomoqrafiya laboratoriyası yaradılmışdır.

2017-ci ildən başlayaraq ölkəmizdə Respublika Seysmoloji Xidmət Mərkəzi,  ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin iştirakı  ilə birgə “Qafqaz kəsilişi” layihəsinin həyata keçirilməsinə başlamışdır və layihə bu günə gədər davam edir. Layihəə çərşivəsində  17 yeni rəqəmsal stansiyalar quraşdırılmışdır. 

   - “Qafqaz kəsilişi” layihə çərçivəsində 2017-ci ildə quraşdırılmış seysmik stansiyaları 

   - “Qafqaz kəsilişi” layihə çərçivəsində 2021-ci ildə quraşdırılmış seysmik stansiyaları 

 1.2. Palçıq vulkanlarının monitorinqi

2022-ci ildə   “Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi”  beynəlxalq qrant layihəsi çərçivəsində yeni 22 seysmik stansiya  (Nanometriks şırkəti) quraşdırılıb. Məlumatlarının emalı SeisComp4 proqraminda aparılır.

Yeni 22 seysmik stansiyaların Nanometriks şirkətinin avadanlıqları

Laboratoriyanın elmi fəaliyyətinin əsas istiqamətləri:

1. Qurulmuş seysmik stansiyaların məlumatlarına əsasən vulkanların ətrafında seysmik vəziyyətin öyrənilməsi.
2.Palçıq vulkanlarının seismikliklə əlaqəsi.
3. Vulkanların quruluşu, dərinliyi, aktivləşmə fazalarını təyin etmək.
4. Vulkanların qırılmalarla əlaqəsi.                                                                                                                
5. Palçıq vulkanlarının yerləşdiyi rayonların tektonik quruluşun öyrənilməsi

Palçıq vulkanların seysmik stansiyaların şəbəkəsi

1.3. Beynəlxalq  paleoseysmoloji tədqiqatlar

2021-ci ildə Oksford, Kembric, Kaliforniya, Arizona və digər universitetlərin alimləri, həmçinin BP və SOCAR neft şirkətlərinin aparıcı mütəxəssisləri ilə birgə aktiv tektonika və paleoseysmologiyanın öyrənilməsi üzrə meqalayihənin  yaradılması üzrə danışıqlara başlanılıb. 2022-ci ilin aprel və may aylarında Oksford  Universitetinin Geologiya Departamentinin professoru Riçard Voalkerin rəhbərlik etdiyi qrup RSXM-nin gənc alimləri ilə birgə Ağsu və Salyan ərazisində ilk paleoseysmoloji tədqiqatlar həyata keçirib. Tədqiqatda peyk təsvirləri, dron simulyasiyası, GPS və InSar texnologiyaları, seysmik yerləşdirmə və paleoseysmik qazıntılar da daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edilib. Ağsu rayonu ərazisində Qafqazın əsas üstəgəlmə qırılmasının səth izindən əmələ gələn qırılmanın kənarında xəndək qazılmışdır. Bu xəndəkdə (uzunluğu 30 m və dərinliyi 6 m olan) iki paleoseysmik zəlzələnin izləri və cəmi 6 m sürüşmə yerdəyişməsi aşkar edilmişdir.

Ağsu rayonunda paleoseysmoloji tədqiqatlar zamanı qazılmış xəndəyin yeri

 “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsi

Mühəndisi-geoloji və mühəndisi-seysmoloji  məlumatlara əsaslanaraq, Abşeron yarımadası ərazisində seysmik təhlükənin qiymətləndirilməsi, seysmik mikrorayonlaşdırma işləri  və  Böyük Bakının hər bir rayonu (Yasamal, Səbail, Xətai, Nəsimi, Nizami, Nərimanov, Qaradağ, Binəqədi, Suraxanı, Sabunçu, Xəzər, Abşeron rayonları) və Sumqayıt şəhəri üçün dəqiqləşdirilmiş seysmiklik xəritələrinin qurulması,  ACCESS və ArcGİS proqramları əsasında informasiya bazasının yaradılmasından ibarətdir. 

 

 

 

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə