AMEA prezidenti, akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabat iclasında iştirak edib
Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin Elmi-Texniki Şurasının birgə iclası keçirilib.
İclasda RSXM-nin 2022-ci ildə apardığı elmi və elmi - istehsalat işlərinin nəticələrinə dair illik hesabatı təqdim olunub.Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsinin rəhbərinin müavini, Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov, AMEA-nın Yer Elmləri bölməsinin üzvləri, AMEA Rəyasət Heyəti Aparatının İnformasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov, RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, eləcə də mərkəz əməkdaşları iştirak ediblər.
Tədbirdə ilk olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Mərkəz əməkdaşlarını salamlayan AMEA prezidenti bildirib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi AMEA-nın tərkibində olan dövlət əhəmiyyətli strateji qurumlardan biridir. “Hesab edirəm ki, mərkəz əməkdaşları həm dövlət maraqları baxımından, həm də bu sahədə elmin inkişaf etdirilməsi baxımından öz vəzifələrini daha ciddi və məsuliyyətlə yerinə yetirməlidirlər. Mərkəzlə bağlı indiyə qədər aldığım məlumatlar və tanış olduğum işlərdən belə qənaətdəyəm ki, burada çox müsbət işlər görülür. Burada həm respublika ərazisində aparılan seysmoloji tədqiqatlarla bağlı istehsalat işləri var. Həm də elmi sahədə də inkişaf gedir”. Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatını mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli təqdim edib. Baş direktor hesabatı təqdim edərkən əvvəlcə 2022-ci il ərzində təşkilat daxilində həyata keçirilən tədbirlər, mərkəzin Dövlət Proqramları çərçivəsində gördüyü işlər, eləcə də normativ-hüquqi aktların icrası, ictimaiyyətlə əlaqələr, beynəlxalq əməkdaşlıq, təhsil və elmin inteqrasiyası istiqamətində həm yerli, həm də xarici universitetlərlə əməkdaşlıq sahəsində əldə olunan nəticələrdən danışıb. Professor Qurban Yetirmişli bildirib ki, 2022-ci ildə Azərbaycanda ilk dəfə olaraq, Böyük Britaniyanın Oksford Universiteti ilə birgə paleseysmoloji tədqiqatlara başlanılıb. Bu tədqiqatlar tarixi zəlzələlərin öyrənilməsi, həmin zəlzələlərin relyefdə yaratdığı dəyişikliklərlə bağlı elmi araşdırmalar aparılması baxımından olduqca vacib və əhəmiyyətlidir.
Daha sonra baş direktor mərkəzdə il ərzində aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi tədqiqatlar və alınmış nəticələr haqqında ətraflı məlumat verib. Professor Qurban Yetirmişli 2022-ci il ərzində mərkəzin seysmik stansiyaları tərəfindən qeydə alınan yerli, regional və uzaq zəlzələlər, eləcə də yeraltı partlayışlar haqqında statistik məlumatları da açıqlayıb. Onun sözlərinə görə, il ərzində hazırki vaxta qədər ümumi olaraq 12762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-ı uzaq zəlzələlərdir. Bundan başqa, 1391 yeraltı partlayış qeydə alınıb. Bu il 17 hiss olunan zəlzələ qeydə alınıb. Maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub. Mərkəz rəhbəri çıxışı zamanı beynəlxalq qrant layihələrində RSXM-nin iştirakı haqqında danışarkən bildirib ki, beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilmiş 22 ədəd yeni seysmik stansiyaların quraşdırılması işləri başa çatdırılıb. Həmin stansiyalardan 12 ədədi dünyada ilk dəfə Abşeron yarımadasında olan palçıq vulkanları ətrafında quraşdırılıb ki, bu stansiyalar vasitəsi ilə palçıq vulkanlarının dinamikasını və orda gedən prosesləri izləmək mümkündür.
Hesabat iclasında il ərzində RSXM-də informasiya təminatı, kadr potensialının artırılması məqsədi ilə həyata keçirilən ixtisas fənnləri və xarici dil kursları, eləcə də zəlzələ zamanı davranış qaydaları ilə bağlı orta məktəblərdə və tikinti şirkətlərində aparılan maarifləndirmə tədbirləri şöbəsində görülən işlər də diqqətə çatdırılıb. Daha sonra maraq doğuran suallara baş direktor tərəfindən aydınlıq gətirilib.
Təqdim olunmuş hesabatla bağlı akademik Pərviz Məmmədov, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsinin rəhbərinin müavini, Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov çıxış edərək, görülən işləri yüksək qiymətləndiriblər. Həmçinin gələcəkdə aparılacaq elmi tədqiqatlar və elmi kadrların hazırlanması sahəsində prosesin daha da sürətləndirilməsinə dair öz təkliflərini irəli sürüblər.
AMEA prezidenti, akademik İsa Həbibbəyli təqdim olunan hesabatı yüksək qiymətləndirərək bildirib ki, hesabat olduqca əhatəli və kifayət qədər maraqlı idi. AMEA prezdenti bildirib ki, hazırda akademiyanın qarşısında duran əsas məsələlərdən biri gənc elmi kadr potensialının artırılması, ən əsası elmlər doktoru hazırlığı sahəsinə xüsusi diqqət yetirilməlidir. O, çıxışı zamanı gənc alimlərin xarici ölkələrdə staj keçməsi və beynəlxalq elmi tədbirlərdə iştirakının vacib olduğunu önə çəkib. AMEA-nın prezidenti akademiyanın elmi təşkilatları arasında birgə əməkdaşlıq və birgə işlər aparılmasının da əhəmiyyətli olduğunu vurğulayıb. Bu baxımdan AMEA nəzdində RSXM və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu qədim kurqanlar ətrafında seysmik kəşfiyyat işlərinin aparılmasının maraq doğurduğunu və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
AMEA prezidenti bildirib ki, gənclərdə elmə marağın artırılması məqsədi ilə gələn ildən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi jurnalının nəşri ildə iki dəfədən dörd dəfəyə qədər artırılacaq. Həmçinin xarici impakt faktorlu jurnallarda dərc olunan məqalələrin müəlliflərinin AMEA tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
Sonda AMEA prezidenti mərkəz əməkdaşlarını qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, AMEA prezidenti mərkəzdəki iş şəraiti ilə də yaxından tanış olaraq, əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edib.