Yaponiyalı qonaqlar RSXM-də olublar
Mayın 31-də Yaponiyanın “ALL CO” LTD şirkətinin baş direktoru Kuniyoşi Takada və NHK World (Nippon Hoso Kyokai) televiziyasının əməkdaşı Kenji Akasabi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər.
Görüşdə yaponiyalı qonaqlar bildiriblər ki, Azərbaycanda yerləşən palçıq vulkanları ilə maraqlanırlar və bununla bağlı film çəkmək niyyətindədilər.
AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonaqlara mərkəzin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi və hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barəsində ətraflı məlumat verib. Baş direktor Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə izlənməsi məqsədi ilə dünyada ilk dəfə olaraq Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında 12 seysmik stansiyanın quraşdırıldığını bildirib.
Baş direktor bildirib ki, palçıq vulkanlarının məskəni elə Azərbaycandır. Dünyada 2000-dən çox vulkan var və onun 300-ə yaxını Azərbaycanda yerləşir. AMEA - nın müxbir üzvü Qurban Yetirmişli Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palcıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin RSXM-lə birgə uzun illərdir ki, palçıq vulkanlarını araşdırdığını xatırladıb və Palcıq vulkanizmi şöbəsinin əməkdaşlarının də filmin çəkilişinə cəlb olunmasını təklif edib.
Daha sonra qonaqlara mərkəzdə aparılan işlərə dair təqdimat təqdim edilib. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar və alınmış nəticələr haqqında danışıb, ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib. Palçıq vulkanı və onun faydalı xüsusiyyətləri də diqqətə çatdırılıb.
Görüşdə qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.
Qeyd edək ki, çəkiləcək film Yaponiyanın ali və ümumi təhsil müəssisələrində yayımlanmaq üçün nəzərdə tutulub.