ABŞ-ın "Kinemetrics" şirkətinin nümayəndələri Azərbaycanda səfərdə olublar
3-6 sentyabr 2025-ci il tarixlərində ABŞ-ın "Kinemetrics" şirkətinin vitse-prezidenti Matios Franke və şirkətin sistem üzrə mühəndisi Stefan Radman Azərbaycanda səfərdə olublar. Amerikalı mütəxəssislərin Bakıya səfərlərinin məqsədi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində tətbiq edilən Apple proqramının 5.15 versiyasının yüklənməsi və yeni versiyanın tətbiqi ilə bağlı təlim keçirilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində “Kinemetrics” şirkətinin nümayəndələri RSXM əməkdaşları üçün Apple proqramının tətbiqinə dair təlim keçiblər. Həmçinin ortaya çıxan suallar izah olunub.
Məlumat üçün qeyd edək ki, 25 noyabr 2000-ci ildə Xəzər dənizində baş verən Xəzər zəlzələsindən (Bakı) sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə ABŞ-ın Kinemetrics şirkətinin istehsalı olan seysmik stansiyalar və cihazlar alınaraq ölkəmizə gətirilib. 2003-cü ildən RSXM tərəfindən məlumatların emalı Apple proqramının müxtəlif versiyaları üzrə aparılır.
Qeyd edək ki, bu vaxta qədər proqramın versiyaları bir neçə dəfə yenilənib. Məlumat üçün onu da deyək ki, Kinemetrics şirkətinin cihazları tərəfindən istər seysmik dalğaların qeydə alınması sahəsində, istərsə də məlumatların emalı sahəsində tətbiq olunan emal proqramları dünya ölkələri arasında bu sahədə birincilər sırasındadır.