RSXM əməkdaşları Almatı şəhərində keçirilən “Vs30 parametrinin ölçülməsi və analizi” mövzusunda beynəlxalq treninqində iştirak ediblər
12-15 oktyabr 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində Beynəlxalq Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə “Vs30 parametrinin ölçülməsi və analizi” mövzusunda beynəlxalq treninq keçirilib. Treninqdə AMEA nəzdində RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, mərkəzin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə f'əlsəfə doktoru, dosent Etibar Qaravəliyev, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndis-proqramlaşdırıcısı Nail Qazıyev iştirak ediblər.
Tədbirdə “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə f'əlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Abşeron yarımadası ərazisinin Vs30 parametrinə əsasən rayonlaşdırılması” mövzusunda çıxış edərək, alınan nəticələr və Azərbaycanda mühəndisi-seysmik kəşfiyyat üsulu üzrə təcrübə, onun tətbiq sahələri haqqında geniş məruzə təqdim edib.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli VS30 parametrının ölçülməsi və təhlili üzrə təlimdə iştirak zamanı əldə edilmiş bilik və praktiki bacarıqların Azərbaycanda seysmik sahə şəraitinin xarakterizə edilməsinin və seysmik təhlükənin qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə tətbiq olunacağını qeyd edib. Həmçinin tədbirdə bundan sonrakı fəaliyyətlərdə əldə edilmiş bilik və təcrübənin tərəfdaş ölkələrlə bölüşülməsi, Vs30 parametrinin qiymətləndirilməsi üsullarının davam edən və gələcək tədqiqat layihələrində tətbiq imkanlarının araşdırılması, həmçinin ISTC və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi imkanlarının müəyyənləşdirilməsinin vacib olduğunu, bu fəaliyyətlərin layihənin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə, eləcə də Mərkəzin texniki və elmi potensialının artırılmasına töhfə verəcəyi qeyd olunmuşdur.