Bakıda “Azərbaycanda seysmologiya elminin inkişafı:proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda Respublika Elmi Konfransı keçirilib
Oktyabrın 20-də Mərkəzi Elmi Kitabxanada AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin AMEA Rəyasət Heyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda seysmologiya elminin inkişafı:proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Konfransın açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin kollektivi, elmi institut və müəssisələrin rəhbərləri və nümayəndələri, ali məktəblərin Yer elmləri sahəsində tanınmış alim və mütəxəssisləri iştirak ediblər.
Açılış mərasimindən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü qarşısına əklil qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib. AMEA prezidenti, akademik İsa Həbibbəyli və konfrans iştirakçıları AMEA nəzdində RSXM-nin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanda instrumental seysmik müşahidələrin aparılmasında istifadə edilən köhnə nəsil və yeni nəsil avadanlıqları, eləcə də mərkəz əməkdaşlarının elmi nailiyyətlərini əks etdirən elmi kitablar və jurnallar nümayiş etdirilib. 1902-ci ildən başlayaraq Azərbaycanda seysmik müşahidələrin aparılması tarixini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransın açılış mərasimində ilk olaraq çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda kompleks seysmoloji tədqiqatlar aparıldığını qeyd edərək, mərkəzin apardığı işi yüksək qiymətləndirib. Mərkəzin yalnız zəlzələlərin öyrənilməsi ilə məşğul olmadığını, burada daha dərin elmi-tədqiqat işlərinin aparıldığını qeyd edən AMEA prezidenti bu istiqamətdə də görülən işləri yüksək qiymətləndirib.
Son illərdə Mərkəzdə aparılan elmi-tədqiqat istiqamətlərinin genişləndirildiyini, xüsusilə paleoseysmologiya üzrə araşdırmaların aparıldığını deyən AMEA rəhbəri bu kimi addımların Respublika Seysmoloji Xidmət Mərkəzinin yeniləşməsinin və inkişafının göstəricisi olduğunu söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, mərkəz dünyanın müxtəlif seysmoloji xidmət qurumlarının təcrübəsini öyrənərək bu təcrübəni ölkənin reallıqlarını nəzərə almaqla tətbiq edir. Mərkəzin elmi fəaliyyətinin nəticələrinin Akademiyada mütəmadi şəkildə müzakirə olunduğunu və bu proseslərdə iştirak etdiyini bildirən akademik İsa Həbibbəyli müəssisə kollektivinin qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini deyib.
Akademik İsa Həbibbəylinin sözlərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzi elmi nəşrlər və beynəlxalq elmi bazalarda təmsilçilik baxımından da mühüm nəticələr əldə edib və Mərkəz iki il ardıcıl olaraq Akademiya üzrə yüksək impakt faktorlu elmi nəşrlərdə dərc olunan məqalələrin nəticələrinə görə birinci və ikinci yerləri tutub.
AMEA prezidenti bildirib ki, Akademiyanın üç elmi nəşri Türkiyənin “Dərgi Park” elmi jurnallar şəbəkəsinə daxil edilib və sözügedən nəşrlər sırasında Respublika Seysmoloji Xidmət Mərkəzinin sərgidə nümayiş olunan jurnalı da var.
AMEA prezidenti onu da bildirib ki, RSXM tərəfindən respublika ərazisində baş verən zəlzələlərlə bağlı ictimaiyyətin məlumatlandırılması da mühüm əhəmiyyət daşıyır və mərkəz əməkdaşları bu sahədə də uğurlu və aktiv fəaliyətt göstərirlər. AMEA prezidenti görülən işlərin yüksək səviyyədə təşkil olunmasında RSXM-nin baş direktoru, AMEA-nın müxir üzvü, professor Qurban Yetirmişlinin rolunu xüsusi vurğulayıb. Akademik öz çıxışında seysmologiya elminin qarşısında duran vəzifələr, kadr hazırlığı vəə digər məsələlərlə bağlı da danışaraq konfransın işinə uğurlar arzu edib.
AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev isə bildirib ki, Azərbaycanda seysmologiya elmi sürətlə inkişaf edir və bu gün RSXM nəinki keçmiş sovet ölkələri arasında, dünyanın aparıcı ölkələri sırasında da ön sıralardadır. Mərkəzin dünyanın aparıcı elmi-tədqiqat institutları və universitetləri ilə də yaxından əməkdaşlıq etdiyini qeyd edən akademik İbrahim Quliyev təşkil olunan konfransın əldə olunmuş nəticələrin təqdimatı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
O, konfrans çərçivəsində seysmologiya sahəsində aparılan ən son tədqiqatların təqdim olunacağını bildirib və tədbirin işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzin fəaliyyəti, aparılan kompleks seysmoloji-geofiziki-geodinamik və geokimyəvi tədqiqatlar, əldə olunmuş mühüm elmi nəticələr haqqında geniş məruzə ilə çıxış edib. Baş direktor öz çıxışında Azərbaycanda müasir seysmik cihaz və avadanlıqların quraşdırılması məsələsinə toxunarkən bildirib ki, 2000-ci ildə Bakıda (Xəzər zəlzələsi) baş verən zəlzələdən sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycana müasir seysmik stansiyalar alındı və quraşdırıldı. Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də hər zaman mərkəzə xüsusi diqqət yetirildiyini və sonrakı mərhələdə onun dəstəyi ilə seysmik stansiyalar şəbəkəsinin daha da genişləndiyini bildirən baş direktor, hazırda 88 seysmik stansiyanın fəaliyyət göstərdiyini və həmin stansiyaların fasiləsiz monitorinq apardığını qeyd edib. Professor Qurban Yetirmişli həmçinin ötən il emal proqramlarının da AMEA rəhbərliyinin dəstəyi ilə yeniləndiyini qeyd edərək bu dəstəyə görə təşəkkür edib. Baş direktor həmçinin çıxışında beynəlxalq əməkdaşlıq məsələləri, elmi jurnallarda alınmış nəticələrə dair məqalələrin nəşr olunması haqqında da məlumat verib.
Açılış mərasimindən sonra müzakirələr plenar iclas çərçivəsində davam etdirilib və mərkəzdə aparılan elmi tədqiqat işlərinin nəticələrinə dair məruzələr təqdim olunub.