AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları və məsul şəxsləri iştirak ediblər.
İclasdan əvvəl AMEA-nın Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatların 2025-ci ildə əldə etdikləri nəticələrə dair sərgi nümayiş etdirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli sərgi ilə yaxından tanış olduqdan sonra AMEA Rəyasət Heyətinin iclası keçirilib.
İclasda AMEA-nın Yer elmləri bölməsinin və bölməyə daxil olan institut və elmi müəssisələrin 2025-ci ilin hesabatı və əldə olunmuş mühüm elmi nəticələri təqdim olunub.
İclasda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Yer elmləri bölməsinə daxil olan elmi müəssisə və təşkilatların 2025-ci ildə əldə olunmuş nəticələrlə bağlı nümayiş etdirilən sərgi ilə tanış olduğunu və yeni nəticələrin olduğunu qeyd edib.
Akademik İsa Həbibbəyli bildirib ki, artıq AMEA-nın elmi bölmələrinin 2025-ci ildəki fəaliyyətlərinə dair hesabatlara başlanılıb və qarşıdakı günlərdə də digər bölmələr üzrə müzakirələr keçiriləcək.
AMEA-nın Yer Elmləri bölməsinin hesabatını AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev təqdim edib.
Akademik İbrahim Quliyev öz çıxışında 2025-ci il ərzində bölmədə görülən işlər, bölməyə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən əldə olunmuş mühüm elmi nəticələr, elmmetrik elmin vəziyyəti, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər, elmi nəşrlər haqqında ətraflı məruzə ilə çıxış edib.
Akademik İbrahim Quliyev bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Konstitusiya və Suverenlik İli”, AMEA-nın Ümumi yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.
AMEA-nın vitse prezidenti onu da əlavə edib ki, 2025-ci ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 15 problemi əhatə edən 44 mövzu, 56 elmi tədqiqat işi, 15 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilib, 11 mövzu, 20 elmi-tədqiqat işi və 7 mərhələ başa çatdırılıb. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 40-dan çox mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 43 elmi-tətbiqi iş yerinə yetirilib.
Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycan Yer elmləri həm dünya üzrə, həm də aid edildiyi Şərqi Avropa ölkələri qrupunda mövqelərinin dinamik yüksəlişi son beş il ərzində davamlı və stabildir. Azərbaycanın geofizika elmi 2024-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 36-cı, geomühəndislik elmi 41-ci, geologiya elmi 47-ci mövqedədirlər.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik İbrahim Quliyev hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 9 monoqrafiya (1-i xaricdə), 16 kitab və 6 dərslik, 264 məqalə (188-i xaricdə), 117 tezisin (78-i xaricdə) nəşr edildiyini, onlardan 115-nin “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb.
İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2025-ci ilin yekun hesabatını və mərkəzdə əldə olunmuş mühüm elmi nəticələri təqdim edib. Baş direktor çıxışında RSXM-da aparılan elmi tədqiqatların istiqaməti, rəqəmsal məlumatlar əsasında hazırlanmış xəritələr, 2025-ci ildə Azərbaycan ərazisində müşahidə olunan seysmiklik, İnSar texnologiyası ilə aparılmış işlər, Böyük Britaniyanın Oxford Universiteti ilə birgə əməkdaşlıq nəticəsində əldə olunmuş mühüm elmi nəticə haqqında danışıb.
Professor Qurban Yetirmişli bildirib ki, 2025-ci ildə AMEA nəzdində RSXM-də 3 problemi əhatə edən 5 mövzu, 13 elmi-tədqiqat işi yerinə yetirilib. Mərkəzin əməkdaşları 4 (beynəlxalq və yerli) qrant layihələrində iştirak ediblər. Hesabat ilində AMEA nəzdində RSXM-də 47 məqalə (12-si xaricdə), 19 tezis (12-si xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 9-u Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Baş direktor öz çıxışında mərkəzin beynəlxalq əməkdaşlığı, elmmetrik bazalardakı fəaliyyəti, elektron elmin təbliği, rəqəmsal məlumatların emalında tətbiq olunan proqramlar, zamanın çağırışına uyğun olaraq süni intellektin elmi tədqiqatlarda tətbiqi və s. mövzularda geniş təqdmatla çıxış edib. İclas iştirakçılarını maraqlandıran suallara aydınıq gətirilib.
Daha sonra AMEA-nın Yer Elmləri bölməsinə daxil olan digər elmi müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri çıxış ediblər.
Hesabatların müzakirəsindən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bölmənin 2025-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycan elminin qarşısına qoyulan vəzifələrdən danışan akademiya prezidenti bütün elmi müəssisə və təşkilatların yeni çağırışlara hazır olmasının vacibliyini önə çəkərək, elmi tədqiqatlarda süni intellektin tətbiqinin zərurət olduğunu vurğulayıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki REM-in 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.