Azərbaycanda səfərdə olan Gürcüstan seysmoloqları RSXM-nin Monitorinq Mərkəzində olub
Azərbaycanda səfərdə olan Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze və həmin mərkəzin əməkdaşı Albert Vuzaladze AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.
24-25 oktyabr tarixlərində gürcüstanlı seysmoloqlar mərkəzin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları üçün “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılmış yeni 22 ədəd seysmik stansiya üçün yeni server sisteminin yaradılmasına dair müzakirələr keçiriblər. Görüşdə büronun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova və büronun əməkdaşları iştirak ediblər. Müzakirələr zamanı yeni yaradılacaq server sisteminin texniki paramertləri, iş prinspləri və əldə olunmuş məlumatların yüksək texnologiyalı proqramlar vasitəsi ilə emalına dair məsələlər müzakirə olunub.
Gürcüstanlı seysmoloqlar həmçinin “Zəlzələ ocaqlarının dinamikası” və “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin əməkdaşları ilə görüşlər keçiriblər. “Zəlzələ ocaqlarının dinamikası” şöbəsində keçirilən görüşdə şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin müdiri Rasimə Abdullayeva və hər iki şöbənin əməkdaşları iştirak ediblər.
Keçirilən görüşlərdə əsas müzakirələr “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi ətrafında həyata keçirilmiş işlərlə bağlı olub.