Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

"Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransının açılış mərasimi keçirilib

28 Aprel 2026
"Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransının açılış mərasimi keçirilib

Aprelin 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli "2026-cı ilin Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamına əsasən  "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Konfransın açılış mərasimindən əvvəl konfrans iştirakçıları adından Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib və Mərkəzi Elmi Kitabxanasındakı büstü önünə əklil qoyulub.

Konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, memarlıq və şəhərsalma sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəsmi şəxsləri və mütəxəssislər, Yaponiyanın SHİNYEİ OYO şirkətinin nümayəndələri, Qazaxıstan və Özbəkistandan olan alim və mütəxəssislər, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, eləcə də AMEA-nın Rəyasət Heyətinin və elmi institut və təşkilatların rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2026-cı ilin Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev tərəfindən "Şəhərsalma və Memarlıq İli" elan edildiyini qeyd edərək, şəhərsalmada seysmik risklərin öyrənilməsinin vacib olduğunu bildirib. Azərbaycanda baş verən seysmoloji hadisələrin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən öyrənildiyini bildirən AMEA prezidenti RSXM-də aparılan tədqiqatlar haqqında danışıb.

Akademik İsa Həbibbəyli RSXM-nin Azərbaycanda seysmik proseslərin tədqiqi üzrə aparıcı elmi qurum olduğunu qeyd edib. AMEA prezidenti Mərkəzin yalnız elmi araşdırmalarla kifayətlənmədiyini, eyni zamanda maarifləndirmə fəaliyyətini də sistemli şəkildə həyata keçirdiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, dünyada seysmologiya sahəsində baş verən yeniliklər Azərbaycan reallıqları kontekstində öyrənilir, təhlil olunur və tətbiq edilir.

AMEA rəhbəri Respublika Seysmoloji Xidmət Mərkəzinin apardığı araşdırmaların şəhərsalma prosesində seysmoloji risklərin yetərincə nəzərə alınmamasının gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan Mərkəzin müvafiq dövlət qurumları ilə apardığı əməkdaşlıq və məsləhətləşmələr onun məsələyə yüksək məsuliyyətlə yanaşdığını təsdiqləyir.

Seysmoloji sahədə proqnoz verməyin çətin və riskli olduğunu bildirən akademik İsa Həbibbəyli bütün dünyada zəlzələlərin dəqiq proqnozunun olmadığını bildirib. AMEA prezidenti baş verən zəlzələlərlə bağlı dərin elmi təhlillərin aparıldığını deyib. O, öz çıxışında RSXM-nin beynəlxalq əməkdaşlıq, informasiya təminatı, yeni və müasir proqramların tətbiqi sahəsində böyük uğurlara imza atdığını bildirib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev bildirib ki, dövlət başçısının “2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycanda şəhərsalma siyasətinin dövlətin strateji prioritetləri sırasında olduğunu aydın şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, bu sənəd yalnız memarlıq və urbanistika sahəsinin inkişafına deyil, eyni zamanda təhlükəsizlik, dayanıqlılıq və davamlı inkişaf prinsiplərinin elmi əsaslarla araşdırılmasına xidmət edir. General-leytenant Adil Abdullayev vurğulayıb ki, məhz bu kontekstdə seysmik risklərin qiymətləndirilməsi və effektiv idarə olunması məsələləri xüsusi aktuallıq kəsb edir və bu sahədə elmi tədqiqatların nəticələrinin praktik qərarların qəbulunda nəzərə alınması olduqca vacibdir.

Onun sözlərinə görə, Azərbaycanın seysmik baxımdan aktiv bölgədə yerləşir  və vaxtaşırı respublikanın ayrı-ayrı bölgələrində zəlzələlər qeydə alınır. Azərbaycan ərazisində tarixən güclü zəlzələlərin qeydə alındığını deyən nazir müavini öz çıxışında seysmik risk xəritələrinin hazırlanması haqqında danışıb.

RSXM-lə  Fövqəladə Hallar Nazirliyi arasında sıx əməkdaşlığın mövcud olduğunu qeyd edən Adil Abdullayev keçirilən konfransın əhəmiyyəti və seysmik risklərin öyrənilməsinin vacibliyi haqqında da danışıb.

Nazir müavini müasir mərhələdə seysmik risklərin qiymətləndirilməsinin xüsusilə ön plana çıxdığını qeyd edərək, sürətlə gedən urbanizasiya prosesləri, əhalinin sıxlığının artması, çoxmərtəbəli yaşayış və ictimai binaların geniş yayılması, habelə iri enerji və nəqliyyat infrastrukturu layihələrinin reallaşdırılmasının bu məsələnin aktuallığını daha da artıran əsas amillərdən olduğunu deyib.

İclasda çıxış edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi  Təyyar Hüseynli yüksək binaların tikilməsində seysmik spektr qrafiklərinin müqayisəli təhlili haqqında danışıb.

Keçirilən konfransın əhəmiyyəti haqqında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov öz çıxışında şəhərsalmada seysmik risklərin öyrənilməsinin əhəmiyyəti haqqında danışıb. Yaponiyanın SHİNYEİ OYO şirkətinin nümayəndəsi, professor Matsuo Yun şəhərsalma zamanı ərazilərin seysmik riskinin öyrənilməsinin vacibliyini vurğulayıb. Yaponiyalı qonaq binaların tikintisi zamanı seysmikliyin öyrənilməsinin zərurət olduğunu qeyd edərək, bu mövzuda təqdimatla çıxış edib.

Konfransın açılış mərasimində AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycan ərazisində seysmik təhlükə və riskin qiymətləndirilməsi, onların şəhərsalma siyasətində nəzərə alınması” mövzusunda məruzə ilə çıxış edib.

Baş direktor çıxışında Azərbaycanda aparılan kompleks geofiziki, seysmoloji, geodinamik və geokimyəvi tədqiqatlar, əldə olunmuş nəticələr və Azərbaycan ərazilərinin seysmikliyi haqqında geniş təqdimatla çıxış edib. Professor Qurban Yetirmişli öz çıxışında bir daha bildirib ki, zəlzələnin dəqiq proqnozu yoxdur, aparılan tədqiqatlar əsasında yalnız orta müddətli və uzunmüddətli proqnozlar vermək olar. Şəhərsalma işlərində, eləcə də binaların tikintisu zamanı ərazinin seysmikliyinin öyrənilməsinin vacib olduğunu qeyd edən mərkəz rəhbəri çıxışı zamanı RSXM-nin bu sahədə dövlət qurumları ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Professor Qurban Yetirmişli beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq məsələləri haqqında danışarkən keçirilən konfransda bir neçə ölkədən alim və mütəxəssislərin iştirak etdiyini və iki gün davam edəcək müzakirələrin həm elmi baxımdan, həm də əməkdaşlığıın inkişafı baxımından faydalı olacağına inandığını bildirib.

Açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələri ilə davam etdirib.

Konfrans iki gün davam edəcək və aprelin 29-da başa çatacaq.  

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə