Bakıda keçirilən beynəlxalq seysmoloji konfrans başa çatıb
“Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans mayın 15-də başa çatıb. Konfransın sonuncu günü iştirakçılar müzakirələrdə iştirak edən tərəfdaş ölkələrin seysmoloq alimləri tərəfindən təqdim olunan məruzələr ətrafında geniş müzakirələr aparıblar. Həmçinin, tərəflər arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub. Bağlanış mərasimində çıxış edən AMEA nəzdində Respublika Saeysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli keçirilən müzakirələrin nəticəsini yüksək qiymətləndirib. Belə tədbirlərin tərəfdaş ölkələrin təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən RSXM-nin baş direktoru belə toplantıların həm də seysmologiya elminin inkişaf etdirilməsi baxımından da vacib olduğunu deyib.
Tədbirdə həmçinin Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoproqnoz Monitorinq Mərkəzinin rəhbəri Kahraman Kuçkarov, ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze, Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur, IRIS beynəlxalq seysmoloji təşkilatın nümayəndəsi Andrea Çiang, RSXM-nin baş direktorunun Elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli çıxış edərək təqdim olunmuş məruzələrlə bağlı fikirlərini açıqlayıblar.
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər və bununla da üç gün davam edən beynəlxalq konfrans öz işini başa çatdırıb.