Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Meksikanın Azərbaycandakı səfiri RSXM-də qonaq olub

7 Oktyabr 2022
Meksikanın Azərbaycandakı səfiri RSXM-də qonaq olub

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores oktyabrın 7-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. RSXM-nin Monitorinq Mərkəzində keçirilən görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər. 

Qonağı salamlayan RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bu yaxınlarda Meksikanın Milli bayramı – “Müstəqillik Günü”nün qeyd olunduğunu bildirərək, qonağı bu münasibətlə təbrik edib. Meksikanın Azərbaycandakı səfirinin Azərbaycanda aparılan kompleks seysmoloji tədqiqatlarla yaxından maraqlandığını deyən professor Qurban Yetirmişli bildirib ki, bu tərəflər arasında keçirilən üçüncü görüşdür. Meksika səfirinin öz ölkəsi ilə Azərbaycan arasında əlaqələrinin genişləndirilməsində mühüm rol oynadığını bildirən baş direktor Meksikanın ərazisinin seysmik baxımdan aktiv bölgədə yerləşdiyini və orada tez-tez güclü zəlzələlər olduğunu qeyd edib. “Bu yaxınlarda da orada güclü zəlzələ baş vermişdi və həmin zəlzələ bizim stansiyalarımız tərəfindən də qeydə alınıb.” 

Professor Qurban Yetirmişli qonağı mərkəzdə görülən işlər və aparılan tədqiqatlar barəsində məlumatlandırıb. Bildirilib ki,  hazırda RSXM-nin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa, mərkəz tərəfindən kompleks geofiziki, geodinamiki, geoloji tədqiqatlar da aparılır. RSXM-nin baş direktoru qonağın diqqətinə çatdırıb ki, Azərbaycan tərəfi seysmoloji tədqiqatların aparılması sahəsində Meksikanın Milli Muxtar Geofizika Universiteti ilə əməkdaşlıq etməyə hazırdır. Həmçinin tərəflər birgə beynəlxalq layihələrdə iştirak edə bilərlər. Meksikada quraşdırılacaq seysmik stansiyaların quraşdırılmasına Azərbaycan seysmoloqları dəstək də verə bilərlər.  

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores isə deyib ki, Azərbaycan seysmoloqlarının apardığı tədqiqatları diqqətlə izləyir və öz ölkəsi ilə Azərbaycan arasında  bu sahədə əməkdaşlığın qurulmasında çox maraqlıdır. Meksikanın Milli Muxtar Geofizika Universitetinin seysmologiya sahəsi ilə məşğul olduğunu qeyd edən diplomat “hesab edirəm ki, ikitərəfli əlaqələrin yaranmasından biz çox şey əldə edə bilərik” - deyib. Azərbaycanda seysmologiya sahəsinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirən diplomat azərbaycanlı seysmoloqların təcrübələrini meksikalı həmkarları ilə bölüşməsindən məmnun ola biləcəklərini qeyd edib. 

Səfir həmçinin mərkəz tərəfindən palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə öyrənilməsinə başlanmasına toxunaraq, bunun unikal və kifayət qədər maraqlı iş olduğunu deyib.  

Görüşdə qonağa bu ilin sentyabrın 19-da Meksikada baş verən zəlzələnin RSXM-nin stansiyaları tərəfindən qeydə alınmış yazısı, eləcə də  seysmik stansiyalarının iş prosesinə aid məlumatlar da təqdim olunub. 

Görüşdə qarşılıqlı olaraq hədiyyələr təqdim olunub və xatirə şəkili çəkillib. Görüş başa çatdıqdan sonra səfir RSXM əməkdaşları ilə birgə ətrafında seysmik stansiya quraşdırılmış palçıq vulkanına səfər edib. Qonağa seysmik stansiyalar vasitəsi ilə palçıq vulkanlarının dinamikasını izlənilməsi və bu istiqamətdə aparılacaq tədqiqatlar haqqında geniş məlumat verilib.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə