Professor Tuna Onur Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində olub
Azərbaycanda səfərdə olan Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur oktyabrın 25-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində olub.
Görüşdə agentliyin rəis müavini Elxan Əsədov, FHN-nin müvafiq qurumlarının rəhbərləri və işçiləri, AMEA nəzdində RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru,dosent Etibar Qaravəliyev, kiçik elmi işçilər - İlhamə Cəlilova və Firuzə Mehdizadə iştirak ediblər.
Professor Tuna Onur seysmik təhlükə və riskin qiymətləndirilməsi sahəsində dünya ölkələrində tətbiq olunan norma və qaydalar haqqında danışaraq həmin qaydaların Azərbaycanda da tətbiq olunmasının vacibliyini önə çəkib. Professor çıxışı zamanı bu sahədə apardığı tədqiqatlar və əldə etdiyi nəticələr haqqında da danışıb.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Kanada Universiteti arasında əməkdaşlığı müsbət qiymətləndirib.
Azərbaycanda seysmik qiymətləndirmə sahəsində olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması üçün həmin sənədlərdə müəyyən dəyişikliklərin aparılması barədə təkliflərin nəzərdən keçirilməsinin mümkünlüyünü istisna etməyən rəis müavini bununla bağlı AMEA nəzdində RSXM, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə əməkdaşlıq etməsinin vacibliyini önə çəkib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə aydınlıq gətirilib.