Qazaxıstanlı tələbələr RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsində olublar
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) təcrübə keçən Qazaxıstan Respublikasının K.İ. Satpayev adına Qazaxıstan Milli Tədqiqat Texniki Universitetinin “Seysmologiya” ixtisası üzrə magistr təhsili alan tələbələri - Jadır Junusov, Anar Abilaxanov və Anuarbek Jetpisbay aprelin 27-də RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsində olublar. Qazaxıstanlı tələbələr şöbə tərəfindən aparılan elmi tədqiqatlarla yaxından tanış olublar. RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova tələbələrlə mərkəzdə aparılan kompleks geofiziki-seysmoloji-geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verib. Şöbənin fəaliyyəti haqqında danışan şöbə müdiri həmçinin zəlzələlərin ocaq mexanizmlərinin öyrənilməsi, palçıq vulkanlarının dinamikasının seysmik stansiyalar vasitəsi ilə izlənməsi və əldə olunan nəticələr haqqında danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının K.İ. Satpayev adına Qazaxıstan Milli Tədqiqat Texniki Universitetinin “Seysmologiya” ixtisası üzrə magistr təhsili alan tələbələri aprelin 15-dən AMEA nəzdində RSXM-də təcrübə keçirlər. Təcrübə prosesi aprelin 30-dək davam edəcək.