RSXM-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Dekabrın 30-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Tədbirdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib. 2022-ci ilin RSXM-də bir sıra uğurlara imza atıldığını qeyd edən baş direktorun sözlərinə görə, beynəlxalq qrant hesabına alınıb ölkəmizə gətirilmiş 22 seysmik stansiyanın quraşdırılması işləri tam başa çatıb. Dünyada ilk dəfə olaraq, Abşeron yarımadasındakı palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə izlənilməsinə başlanılıb. İl ərzində mərkəzin elmi və elmi-istehsalat fəaliyyəti sahəsində də bir sıra uğurlara imza atılıb. Mərkəzin xarici ölkələr və beynəlxalq seysmoloji təşkilatlar, eləcə də dunyanın bir sıra nüfuzlu universitetləri ilə əlaqələri daha da genişləndirilib.
Baş direktor 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə RSXM əməkdaşlarını təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.