RSXM-də mətbuat konfransı keçirilib
Fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində qardaş Türkiyə Respublikasında baş verən zəlzələ ilə bağlı RSXM-nin baş direktoru AMEA-nən müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransı keçirib.
Tədbirin əvvəlində media nümayəndələrinin iştirakı ilə qardaş ölkədə zəlzələ zamanı həyatını itirən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. RSXM-nin baş direktoru bildirib ki, qardaş ölkədə baş verən zəlzələ Azərbaycandakı seysmik stansiyalar vasitəsi ilə qeydə alınıb.
Yerli vaxtla (Azərbaycan) 05:17-də Türkiyənin ərazisində Mw=7.8 gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kahramanmaraş şəhəridir. Zəlzələ Qaziantep, Hatay, Adana, Şanlıurfa, Malatya və digər şəhərlərdə də böyük dağıntılar törədilib. Həmçinin Suriyada da dağıntılar qeydə alınıb. Zəlzələnin episentrinin Azərbaycandan məsafə baxımından uzaq olduğunu bildirən baş direktor həmin zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına təsiri olmadığını bildirib.
RSXM-nin baş direktoru mətbuat konfransında diqqəti zəlzələ zamanı tikililərin dağılmasına çəkib. Onun sözlərinə görə, binalar tikililərin ərazisinin seysmikliyinin qiymətləndirilməsi zəruridir. Çünki mürəkkəb olan ərazilərin seysmikliyi də fərqlidir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran digər suallara da aydınlıq gətirilib.