RSXM-də Novruz bayramı münasibəti ilə tədbir keçirilib
Martın 17-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Novruz bayramı münasibəti ilə tədbir keçirilib. RSXM-nin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edərək, əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb. Novruz bayramının xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutduğunu, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında özünəməxsus yeri olduğunu deyib.
RSXM-nin baş direktoru Qurban Yetirmişli qeyd edib ki, Novruz bayramı milli bayram kimi ölkəmizdə ən yüksək səviyyədə qeyd olunur. Baş direktor artıq bayram tonqallarının işğaldan azad olunmuş torpaqlarımızda da yandırıldığını bildirib: “Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Artıq üçüncü ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır, ağıllı kəndlər salınır, şəhərlərimiz yenidən qurulur, Böyük Qayıdışa start verilib”.
Professor Qurban Yetirmişli sonda bir daha mərkəz əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirin sonunda baş direktor Qurban Yetirmişli mərkəzin “Maqnitometriya” şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayevi 70 illik, “Geofiziki cihazlara texniki nəzarət” şöbəsinin müdiri Elman Sarıyevi 75 illik yubileyləri münasibəti ilə öz adından və kollektiv adından təbrik edib.
RSXM-nin baş direktoru hər iki yubilyarı mərkəzdəki səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif edib.