Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb

23 Fevral 2023
RSXM-də Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb

Fevralın 23-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Xocalı faciəsinin qurbanlarının və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda  döyüşlərdə həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Xocalı faciəsi bəşər tarixində insanlığa sığmayan vəhşiliklərlə törədilmiş soyqırım və ən ağır cinayətdir. Xocalıda ermənilərin kimliyindən asılı olmayaraq azərbaycanlı olan hər kəsi amansızlıqla qətlə yetirdiklərini bildirən baş direktorun sözlərinə görə bu cür qırğınların törədilməsində məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq və iradəsini sındırmaq idi. Xocalı faciəsindən sonra da xalqımızın başına bir sıra müsibətlərin gətirildiyini qeyd edən Q.Yetirmişli deyib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu cür qırğınların qarşısı alındı. “Həmin dövrlər Azərbaycan yenicə müstəqillik əldə etmişdi. Ölkənin elə güclü maliyyə imkanları yox idi. Azərbaycan xalqı 30 il beynəlxalq ictimaiyyətdən bu problemin həllində heç bir dəstək görmədi. Beynəlxalq vasitəçilərin də bu 30 ildə işi elə gəlib-getməkdən başqa bir şey deyildi. Ona görə də artıq bu problemin həllində Azərbaycan xalqı öz sözünü deməliydi və dedi də”.

Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımıza qarşı çoxsaylı qırğınların törədilməsinə baxmayaraq, Azərbaycan xalqının hər zaman işğal altında olan torpaqlarımızın azad olunacağına inandığını bildirib. Professor Q. Yetirmişli 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində təkcə ermənilərə deyil, onların dünyadakı havadarlarına da böyük dərs verdiyini qeyd edən RSXM-nin baş direktoru müharibədən sonra Azərbaycanın dünyada artan nüfuzundan da danışıb. O, çıxışında xalqımızın qan yaddaşında olan hadisələri unutmamağı və gələcək nəsillərə ötürülməsinin vacibliyini önə çəkib.

Daha sonra mərkəzin Həmkarlar Təşkilatının üzvü Bəxtiyar Xanbutov çıxış edərək Xocalı faciəsinin baş verdiyi ərəfədə Qarabağda baş verən hadisələrdən danışıb.

Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb .

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə