RSXM əməkdaşları Bakı Ali Neft Məktəbində keçirilən konfransda birinci yerin qalibi olublar
Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransının mükafatlandırılma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, konfransa ümumilikdə 55 müəssisədən 517 tezis göndərilib. Onlardan 384-ü qəbul edilib. Göndərilən tezislərin 58-i xarici ölkələrdən təqdim edilib. Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edib.
Qeyd edək ki, konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak ediblər. RSXM-ni “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın rəhbərliyi ilə şöbənin əməkdaşları - Nərmin Təhlətli, Güləsər Əsqərova, Turan Yusifova və Mələk Şixaliyeva təmsil ediblər.
Təşkilat komitəsi üzvlərinin səsverməsi nəticəsində mərkəz əməkdaşları tərəfindən konfransa təqdim olunmuş Seiscomp proqramı vasitəsilə 2022-ci ildə Lökbatan palçıq vulkanının aktivləşməsinin analizi” məruzəsi (müəlliflər: N.Təhlətli, M.Şıxalıyeva və T. Yusifova) birinci yerin qalibi, “2023-cü il 6 fevral Türkiyə zəlzələsinin və Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ ocaqlarının aktivləşməsinin analizi” məruzəsi (müəlliflər: N.Təhlətli və G.Əsgərova) məruzəsi isə ikinci yerin qalibi olublar.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.