RSXM əməkdaşları “Kəndə gəl” Gənclərin Yay Düşərgəsində iştirak ediblər
2-7 sentyabr 2026-cı il tarixlərində Şəki şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Kəndə gəl” Gənclərin Yay Düşərgəsi keçirilib.
Yay düşərgəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları – “Kompleks Geokimyəvi Tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Simarə Məmmədzadə, “Geodinamika” şöbəsinin mühəndisi Aysel Quluyeva, “Zəlzələlərin Tədqiqatı” bürosunun mütəxəssisi Fazil Bəhramov və “Mühəndis Geologiyası və Seysmik Mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova iştirak ediblər.
RSXM əməkdaşları düşərgədə “Yerin dərinliklərindən gələn səs” mövzusunda təqdimatla çıxış ediblər. Düşərgə çərçivəsində iştirakçılar üçün müxtəlif intellektual oyunlar, voleybol yarışı və bədii proqram təşkil olunub. Voleybol yarışında RSXM-in “Geodinamika” şöbəsinin mühəndisi Aysel Quluyeva III yerə layiq görülüb. Bədii proqram çərçivəsində mərkəzin əməkdaşları səhnəciklə çıxış edib və fəal iştiraklarına görə hədiyyələrlə təltif olunublar.
Tədbir zamanı RSXM əməkdaşları tərəfindən hazırlanmış rəsm əsəri AMEA Gənclər Akademiyasının sədri Elmir Babayevə təqdim olunub.
Düşərgənin sonunda RSXM əməkdaşlarına sertifikatlar təqdim edilib.