RSXM Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təltif olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Fəxri Diplom”la təltif olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsi təşkil edib. AHİK-in müsabiqə komissiyasına 2560-dən artıq müəssisə, təşkilat, sex və sahədən 291-nin sənədi daxil olub. Onlardan 67-si İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub. Qaliblər sırasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də var. 8 may 2024-cü il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2023-cü ilin ən yaxşı müəssisəsi respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində AMEA nəzdində RSXM-nin Həmkarlar Təşkilatının sədri, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyevə diplom və hədiyyə təqdim olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb, kollektivi təbrik edib.