RSXM-nin baş direktoru Bakıda "Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi" mövzusunda keçirilən konfransda çıxış edib
Mayın 22-də Bakıda Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Memarlıq və İnşaat Universiteti, İcbari Sığorta Bürosu, T-rupt və digər qurumların iştirakı ilə "Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi" mövzusunda konfrans keçirilib. Qardaş Türkiyə Respublikasının Zəlzələ Vəqfinin, eləcə də Azərbaycanın bir sıra dövlət qurumlarının və maliyyə təşkilatlarının nümayəndələrinin qatıldığı konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəz əməkdaşları da iştirak ediblər. Konfransda binaların dayanıqlılığı və maliyyə sistemlərinin fəlakətlərə qarşı hazırlıqlı olma səviyyəsini artırmaq yönümündə əhəmiyyətli müzakirələr aparılıb.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli konfransda “Azərbaycanda zəlzələ aktivliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Professor Qurban Yetirmişli öz məruzəsində Azərbaycanın seysmik şəbəkəsi və onun iş prinsipi, Azərbaycanın tarixi zəlzələ kataloqları və Azərbaycanın seysmik baxımdan aktiv olan bölgələri haqqında iştirakçılara ətraflı məlumat verib.
Baş direktor həmçinin, zəlzələ risklərinin azaldılması istiqamətində görülməsi vacib olan işlər və ölkəmizdə aparılan kompleks seysmoloji tədqiqatlar haqqında da danışıb.
Qeyd edək ki, konfrans mayın 23-də başa çatacaq.