Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin baş direktoru BDU-da məruzə ilə çıxış edib

10 Mart 2023
RSXM-nin baş direktoru BDU-da məruzə ilə çıxış edib

Martın 10-da Bakı Dövlət Universitetində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Azərbaycanın müasir seysmogeodinamik şəraiti” mövzusunda məruzə ilə çıxış edib. BDU-nun Geologiya fakültəsinin dekanlığının təşəbbüsü ilə keçirilən tədbirdə fakültənin tələbələri və pedaqoji heyəti iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

 

RSXM-nin baş direktoru Qurban Yetirmişli öz məruzəsində Azərbaycan ərazisində son on ildə baş verən zəlzələlər, həmin zəlzələlərlə bağlı aparılan elmi tədqiqatların nəticələri haqqında danışıb. Baş direktor çıxışında hazırda mərkəzdə aparılan seysmoloji, geofiziki, geodinamik, geokimyəvi kompleks tədqiqatlar haqqında da iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, hazırda respublika ərazisində 84 seysmik stansiya, eləcə də 24 GPS stansiyaları fəaliyyət göstərir. Bundan başqa, respublika ərazisində 300 məntəqə və profillər üzrə geofiziki ölçmə işləri də aparılır. 

Çıxışı zamanı professor Qurban Yetirmişli fevralın 6-da qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələlər haqqında da danışıb. Türkiyənin seysmotektonik şəraitinin olduqca mürəkkəb və Azərbaycandan fərqli olduğunu deyən professor Türkiyədə baş verən zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqlarına təsirinin olmamasının səbəblərini də izah edib. 

 

RSXM rəhbəri mərkəzin beynəlxalq seysmoloji təşkilatlar və xarici ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq məsələləri, eləcə də birgə həyata keçirilən layihələrdən danışıb. Professor Qurban Yetirmişli elm və təhsilin inteqrasiyasının vacib olduğunu vurğulayaraq qeyd edib ki, universitetlərlə elmi tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, həm kadr hazırlığı baxımından, həm də elmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. O, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin təşəbbüsü ilə keçirilən bu müzakirələrin də elm və təhsilin inteqrasiyası üçün yaxşı nümunə olduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan gənc mütəxəssislərin əksəriyyətinin Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin məzunları olduğunu deyən mərkəz rəhbəri RSXM-də kadr hazırlığı sahəsində keçirilən əlavə tədris kursları haqqında da danışıb. 

Daha sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış edib.

 

Professor Qurban Yetirmişlinin tələbəsi olduğunu və onunla fəxr etdiyini qeyd edən akademik Vasif Babazadə Qurban Yetirmişlinin bu gün dünya şöhrətli alim kimi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanındığını qeyd edib. 

Hər müəllim üçün tələbəsinin uğurlarını görməyin böyük şərəf olduğunu qeyd edən akademik RSXM-də aparılan tədqiqat işlərini yaxından izlədiyini bildirib. Onun sözlərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan tədqiqatlar olduqca maraqlıdır. Vasif Babazadə çıxışında  tələbələrə RSXM-nin apardığı tədqiqatlarla yaxından tanış olmağı tövsiyə edərək, bu cür geniş tədqiqatların keçmiş postsovet ölkələri arasında yalnız Azərbaycanda aparıldığını vurğulayıb.

Sonda məruzəçi və pedaqoji kollektiv üzvləri xatirə şəkili çəkdiriblər. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə