RSXM-nin Elmi-Texniki Şurasının iclası keçirilib
Dekabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın iclası keçirilib. İclasda 2022-ci ildə aparılmış elmi-istehsalat işlərinin nəticələrinə dair müvafiq şöbələr üzrə hesabatlar təqdim olunub.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, 2022-ci il mərkəzdə aparılan elmi-istehsalat işləri və əldə olunmuş nəticələr baxımından səmərəli il olub. Bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilmiş seysmik stansiyaların quraşdırılması prosesinin başa çatdığını qeyd edən baş direktor dünyada ilk dəfə olaraq palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə Azərbaycanda izlənilməyə başladığını və bu məqsədlə Abşeron yarımadasından palçıq vulkanları ətrafında 12 seysmik stansiyanın quraşdırıldığını bildirib.
2022-ci ilin mərkəzdə elmi-təşkilati, eləcə də kadr potensialının yüksəldilməsi baxımından da uğurlu olduğunu qeyd edən baş direktor “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin böyük elmi işçisi İslamova Şirin Kərimbala qızının fəlsəfə doktorluğu üzrə elmi iş müdafiə etdiyini bildirib. İclasda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi haqqında diplomunu Şirin İslamovaya təqdim olunub.
Daha sonra “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”,"Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti”, "Geodinamika" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov 2022-ci ildə aparılan geodinamiki tədqiqatlar, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Makroseysmik, mühəndisi-seysmoloji və episentral tədqiqatlar”, "Maqnitometriya" şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev 2022-ci ildə aparılmış maqnitometrik tədqiqatlar”,"Qravimetriya" şöbəsinin müdiri Elçin Bağırov qravimetrik tədqiqatlar, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin elmi işçisi Aybəniz Kərəmova il ərzində aparılmış geokimyəvi tədqiqatların nəticələri, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov xarici ölkə və beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq, "İnformasiya" şöbəsinin müdiri Vüsalə Rafiqqızı informasiya təminatı və sənədlərlə iş sahəsində görülən işlər, "Tədris" şöbəsinin müdiri Gülnarə Alxanova kadr potensialının yüksəldilməsi məqsədi ilə keçirilən ixtisas dərsləri və xarici dil kurslarının nəticələrinə dair hesabatlarla çıxış edərək, təqdim olunmuş mövzular üzrə sualları cavablandırıblar.
İclas hesabatların Elmi-Texniki Şura tərəfindən qəbul edilməsi ilə yekunlaşıb.