RSXM-nin əməkdaşları olimpiadada qalib gəliblər
D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” haqqında beynəlxalq ekoloji olimpiada keçirilib.
Olimpiadada AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Xoşqədəm Yusifova “Şoran və deqradasiyaya uğramış torpaqların yaxşılaşdırılması”, Nərmin Təhlətli “Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdə insanların yaşayış mühitinin ekosistemlərinin yaxşılaşdırılması”, Aygün Sultanova isə “Geomaqnit sahəsində anomal dəyişikliklərin insan sağlamlığına təsirinin nəzərə alınması metodologiyası” mövzusunda iştirak ediblər və ikinci mərhələyə vəsiqə qazanıblar.
Oktyabrın 31-də MDB ölkələrindən olan 80 nəfərdən ibarət 20 komanda arasında keçirilən çempionatda AMEA nəzdində RSXM-nin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova - “Böyük əkinçilik sahələrində permakultura layihələrinin genişləndirilməsinin mümkünlüyünün qiymətləndirilməsi” adlı layihə ilə birinci yerə, “Seysmik materialların təhlili və təfsiri” şöbəsinin mühəndisi Nərmin Təhlətli “Torpağın karbon itkisini azaltmaq və torpağı bərpa etmək üçün bioloji gübrə kimi iki növ bakteriyanın - aktinobakteriyaların və siyanobakteriyaların tsiklik tətbiqi” adlı layihə ilə ikinci yerə çıxıblar.
Qeyd edək ki, qalib gələn komandalar üçüncü mərhələyə keçərək “İnkişaf katalizatoru” proqramında iştirak qazanıblar.