RSXM-nin komandası elmi müəssisə və təşkilatlar arasında keçirilən futbol yarışında Superkubokun sahibi oldu
Mayın 22-də AMEA Rəyasət Heyətinin, AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü həsr olunmuş mini futbol çempionatının qalibi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası Superkubok uğrunda final mərhələsində Elm və Təhsil nazirliyinin elmi institutları arasında keçirilmiş yarışın qalibi Geologiya və Geofizika İnstitutunun komandası ilə qarşılaşıb.
Gərgin keçən oyun 6:3 hesabı ilə AMEA nəzdində RSXM-nin komandasının qələbəsi ilə başa çatıb.
Yarışın başa çatmasından komandaların mükafatlandırılması mərasimi olub. Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının sədr müavini Hikmət Osmanov, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA Rəyasət Heyətinin üzvləri və aparatının əməkdaşları, eləcə də elmi müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının sədr müavini Hikmət Osmanov və digərləri çıxış edərək keçirilən yarışın əhəmiyyətindən danışıb və qalib komandanı təbrik ediblər.
Daha sonra çempionatın Superkuboku və birinci yerin kuboku, eləcə də Fəxri Fərman və medallar AMEA nəzdində RSXM-nin komandasına təqdim edilib. Həmçinin 2-ci və 3-cü yerləri tutan komandaların üzvlərinə də medallar təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.