Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin şöbə müdiri “Horizon Avropa” Proqramı üzrə sertifikatla təltif olunub

10 Fevral 2023
RSXM-nin şöbə müdiri “Horizon Avropa” Proqramı üzrə sertifikatla təltif olunub

6-8 fevral 2023-cü il tarixlərində Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyasının (AK) “Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair treninq keçirilib. Treninq Avropa Komissiyası (AK) və Azərbaycandan olan tədqiqatçıların, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib.

Treninqlər Avropa İttifaqı tərəfindən dəstəklənir və Avstriyadan olan ekspert Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən aparılıb. Treninqə həmçinin “Zoom” platforması üzərindən AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.

Treninqlərdə dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 mütəxəssis iştirak edib. İştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Nüvə Təbabət Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AMEA-nın Ədəbiyyat, Fəlsəfə və Sosiologiya, Tarix institutları, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Fizika, İqtisadiyyat, Geologiya və Geofizika, Neft və Qaz, Radiasiya Problemləri institutları, ADA Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Mingəçevir Dövlət Universitetinin əməkdaşlarıdır.

Qeyd edək ki, üç günlük treninqdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib. 

Keçirilən treninqlərdə “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə kriteriyaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib. Daha sonra müəyyən edilmiş mövzular üzrə qrup tapşırıqları icra edilib. 

Sonda təlimdə iştirak etmiş 30 nəfərə sertifikatlar verilib. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə