RSXM-nin şöbə müdiri Qazaxıstanda səfərdə olub
28-29 mart 2023-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Seysmik məlumatların kalibrovkası” mövzusunda konfrans keçirilib. Konfrans “Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” beynəlxalq layihəsi çərçivəsində keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Ukrayna, ABŞ və digər tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanı AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib.
Konfransda əsas müzakirələr zəlzələlərin koordintlarını dəqiq müəyyən etmək üçün sürət modelinin qurulması ilə bağlı olub. Bildirilib ki, hiposentrlər haqqında dəqiq məlumatların hesablanması, seysmik təhlükənin qiymətləndirilməsi, tektonik qırılmaların yerinin aydınlaşdırilması, Yer qabığının dəqiq geoloji modelinin əldə olunması və s. məqsədi ilə yeni dəqiq sürət modeli qurulmalıdır. Bu məqsədlə bir sıra nüvə və sənaye partlayışlarının aparılması, eləcə də həmin partlayışların seysmik stansiyalarda qeydiyyata alınması təklif olunub. Konfransda iştirakçı ölkələrin nümayəndələri çıxış edərək, hazırda istifadə edilən sürət modelləri haqqında danışıblar.
AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova «Azərbaycanda Seysmik Kalibr Təcrübələri– Keçmiş, İndi və Gələcək» mövzusu ilə təqdimatla çıxış edib. Konfransın sonunda görüşün yekunlarına dair protokol tərtib edilib.