RSXM-nin şöbə müdirləri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Coğrafiya Cəmiyyətinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Bursa Uludağ Universitetinin (Türkiyə), Qırğızıstan Təhsil Akademiyasının, Cizzak Dövlət Pedaqoji İnstitutunun (Özbəkistan) və Tiraspol Dövlət Universitetinin (Moldova) təşkilatçılığı ilə noyabrın 29-30-da akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyası” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov iştirak ediblər. Konfransda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və hər iki şöbə müdirinin (S.Kazımova və İ.Kazımov) birgə həmmüəllifi olduqları “Zəlzələlərin ətraf mühitə təsiri” mövzusunda məruzə təqdim olunub. RSXM -nin şöbə müdirləri konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunublar.