RSXM-nin Yer elmləri seksiyasının iclası keçirilib
Aprelin 14-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Yer elmləri seksiyasının növbəti iclası keçirilib. İclasda RSXM-nin 2023-cü ilin birinci rübü üzrə aparılmış elmi-tədqiqat işləri haqqında müzakirələr aparılıb. Seminarda RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər.
Seminarda RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Azərbaycan ərazisinin, o cümlədən işğaldan azad edilmiş ərazilərin seysmikliyinin və seysmotektonikasının tədqiqi (2021-2025)” və “Paleoseysmoloji məlumatlara əsasən Böyük Qafqazda tarixi zəlzələlərin episentral zonalarının müəyyən edilməsi (2023-2024)”, “Maqnitometriya” şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev “Azərbaycan ərazisinin kompleks geofiziki tədqiqatları (2021-2025)”, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Şərqi Aralıq dənizi, Qafqaz regionunun (o cümlədən Qarabağ ərazisinin) müasir geodinamikası (2021-2025)”, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev “Abşeron yarımadası ərazisində seysmik təhlükəni şərtləndirən amillərin tədqiqi (2021-2024)”, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin elmi işçisi Aybəniz Kərəmova “Flüidohidrogeokimyəvi sahələrdə anomaliyaların müasir geodinamikada rolu (2023-2024)” mövzularında məruzələrlə çıxış ediblər.
İclas təqdim olunan məruzələr ətrafında müzakirələrlə başa çatıb.