RSXM və Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutunun birgə onlayn iclası keçirilib
Aprelin 22-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutunun birgə onlayn iclası keçirilib.
Onlayn formatda keçirilən iclasın əsas məqsədi Xəzər dənizi regionunda seysmikliyin birgə öyrənilməsi, xüsusilə də baş vermiş zəlzələlərin parametrlərinin daha dəqiq təyin edilməsi üçün Xəzəryanı seysmik stansiyaların məlumatlarının qarşılıqlı mübadiləsinin təşkili, eləcə də bu sahədə elmi-texniki əməkdaşlığın genişləndirilməsidir.
İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verib. Baş direktor GPS monitorinq sistemi ilə aparılan geodinamik tədqiqatlarla alınmış nəticələr, palçıq vulkanlarının dinamikasının seysmik stansiyalar vasitəsi ilə öyrənilməsi, mərkəzin beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlığı və digər mövzularda da iştirakçıları məlumatlandırıb.
Daha sonra RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks seysmoloji-geofiziki tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.
Görüşdə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, seysmik məlumatların operativ mübadiləsi, zəlzələlərin parametrlərinin dəqiqləşdirilməsi, Xəzər regionunda aktiv seysmogen zonaların tədqiqi, birgə elmi tədqiqatların və nəşrlərin hazırlanması və elmi və texniki əməkdaşlıq haqqında anlaşma memorandumunun hazırlanması müzakirə olunub. Müzakirələr zamanı maraq doğuran suallara da aydınlıq gətirilib.
Qeyd edək ki, iclasda AMEA nəzdində RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli, Beynəlxalq əlaqlər şöbəsinin müdiri Telman Cəfərov və Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutunun əməkdaşları iştirak ediblər.