Seysmoloji Mərkəzdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yanvarın 18-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin hər zaman xalqımızın qan yaddaşında yaşayacağını bildirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli həmin faciə ərəfəsində respublika ərazisində olan ictimai-siyasi proseslər haqqında danışıb. Qırğınlar ərəfəsində keçmiş sovet ittifaqının xüsusi xidmət orqanlarının ermənilərin əli ilə Bakıda və Azərbaycanın digər şəhərlərində bir sıra təxribatlar törətdiyini qeyd edən baş direktor sovet ordusunun Bakıda dinc əhalinin üzərinə yeridilməsinin məqsədli şəkildə baş verdiyini qeyd edib. Onun sözlərinə görə, keçmiş ittifaq rəhbərliyi bununla xalqın gözünü qorxutmağa çalışsa da, artıq Azərbaycan xalqı öz azadlıq mübarizəsinə başlamışdı.
Professor Qurban Yetirmişli bildirib ki, beynəlxalq hüquqda müharibə zamanı yaralılara kömək məqsədilə gedən “Təcili yardım” avtomobillərinə və həkimlərə atəş açılması qadağan olunsa da, 20 Yanvarda sovet qoşunları “Təcili yardım” avtomobillərini belə atəşə tutaraq, onların üzərindən tankla keçmişdilər. Baş direktor xalqımızın başına gələn faciələrin hər zaman qan yaddaşımızda yaşadığını qeyd edib.
RSXM-nin rəhbəri çıxışında həmin hadisələrdən sonra Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizin öz dədə-baba yurdlarından zorla çıxarılmasından, Qarabağda törədilən faciələrdən də danışıb. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğal altında olan torpaqlarımızın azad etdiyini qeyd edən baş direktor 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdikləri qəhrəmanlıqları sayəsində işğal altındakı torpaqlarımızın öz azadlığına qovuşduğunu qeyd edib.
RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə bildirib ki, XX əsrdə xalqımızın başına bir çox bəlalar gətirilib. 1905-ci ildə, 1918-ci ildə törədilən qırğınlardan danışan şöbə müdiri 1937-38-ci illərdə Azərbaycan xalqının bir çox dəyərli ziyalılarının da məhz “qırmızı imperiya”nın rəhbərliyi tərəfindən repressiyaya məruz qalıblar, bəziləri sürgün olunaraq və uzaq Sibir çöllərində öldürülüblər. Bəziləri isə əsassız, sübutsuz güllələniblər. Onun sözlərinə görə, baxmayaraq ki, 1941-45-ci illərdəki müharibədə Azərbaycan xalqı böyük sayda qurbanlar vermişdi. Müharibədən az sonra Qərbi Azərbaycanda yaşayan həmvətənlərimiz keçmiş sovet rəhbərliyinin əli ilə ermənilərin fitnə-fəsadı sayəsində öz dədə-baba yurdlarından zorla qovuldu. Bir çox ailələr məcburi şəkildə Orta Asiya respublikalarına sürgün edildi və bir çox insanlar orada məhv edildilər. “20 Yanvar faciəsi də bu hadisələrin bir növ davamı idi. Keçmiş ittifaq rəhbərliyi bu cür qırğınları törətməklə xalqımızın azadlıq mübarizəsini boğmaq, iradəsini sındırmaq istəyirdi”- deyən şöbə müdiri 20 Yanvar faciəsindən sonra törədilən faciələr haqqında da danışıb.
Onun sözlərinə görə, sovet rəhbərliyi 20 Yanvar qırğını ilə bağlı informasiya blokadası yaratmaq məqsədi ilə Bakıda Telestudiyanı partlatsa da, faciə ilə bağlı xəbərlər həm tanınmış azərbaycanlı jurnalist Mirzə Xəzər tərəfindən, həm də Xəzər dənizindəki gəmilərimizdən verilən SOS siqnalları vasitəsi ilə dünyaya çatdırıldı. Ulu Öndər Heydər Əliyev o zaman Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, bu qırğınla bağlı keçmiş sovet rəhbərliyinə sərt şəkildə öz etirazını bildirərək, geniş konfrans keçirmişdi. Ona görə də, sovet rəhbərliyinin bu faciə ilə bağlı informasiya blokadası yaratmaq cəhdi də uğursuz oldu.
Bütün bu faciələrə baxmayaraq, Azərbaycan xalqının öz dövlət müstəqilliyini əldə etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızın azad etdiyini qeyd edən Vüsalə Rafiqqızı “Biz qalib ölkənin, məğrur xalqın qalib vətəndaşları kimi öz dövlətimizlə, prezidentimizlə, xalqımızla fəxr edirik! Vətən torpağının azadlığı və müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi ən yüksək məqamda, ən yüksək yerdədir. Şəhidlərimiz qürur mənbəyimizdir. Qazilərimizə can sağlığı, şəhidlərimizə Tanrıdan rəhmət diləyirik”-deyib.
Daha sonra İnformasiya şöbəsi tərəfindən 20 Yanvar faciəsi ilə bağlı “Şəhidlərimiz qürurumuzdur” adlı video-çarx nümayiş etdirilib.