Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın təşkil etdiyi beynəlxalq elmi seminar başa çatıb

21 Noyabr 2022
Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın təşkil etdiyi beynəlxalq elmi seminar başa çatıb

Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən fundamental elmlər üzrə ikinci beynəlxalq ikitərəfli onlayn seminar başa çatıb.

Seminarın fəxri sədrləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və DEU-nun rektoru, professor Nükhet Hotar, sədrləri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alındır. 

Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli artıq ikinci ildir təşkil olunan beynəlxalq tədbirin əhatə dairəsinin genişlənməkdə olduğunu, dünyada böyük maraq doğurduğunu bildirib. O, seminarın dünya elminin nailiyyətlərini öyrənmək üçün mükəmməl bir platforma olduğunu qeyd edib.

Azərbaycan və Türkiyə alimlərinin dünya miqyasında elmi tədqiqatlar aparmaq potensialına malik olduğunu deyən akademik İsa Həbibbəyli ikitərəfli elmi seminarda müzakirə olunan mövzular üzrə yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

“Türkiyə-Azərbaycan birliyi dünya üçün ortaq qardaşlıq nümunəsidir”, - deyə bildirən AMEA rəhbəri xalqımızın və bütün dünyanın 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi olduğunu vurğulayıb. Alim işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsində, Qarabağın yenidən qurulması prosesində də Türkiyənin Azərbaycana hər cür dəstək verdiyini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Səmərqənddəki Zirvə Görüşünün əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, bu görüş Azərbaycan-Türkiyə birliyinin türk dünyasında möhtəşəm birliyin qurulması üçün mötəbər bir təməl olduğunu bir daha göstərdi.

AMEA prezidenti birgə simpoziumlar və ortaq layihələr təşkil etmək, beynəlxalq əlaqələri daha da genişləndirmək məqsədilə DEU-nun rektoru, professor Nükhet Hotarı Azərbaycana dəvət edib.

Akademik İsa Həbibbəyli, həmçinin gələn il təşkil olunacaq seminarda Orta Asiya ölkələrinin alimlərinin iştirakının önəmini qeyd edib. O, müxtəlif elm sahələrini əhatə edən tədbirə humanitar və ictimai yönümlü bölmənin əlavə olunmasını təklif edib.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova seminarın elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamını bildirib. O, ötən il beynəlxalq seminarda 5 elm sahəsi üzrə ümumilikdə 20 məruzənin təqdim olunduğunu, bu il isə 6 seksiya üzrə  31 məruzənin dinlənildiyini diqqətə çatdırıb. Akademik İradə Hüseynova seminarın məruzəçi və iştirakçılarına təşəkkür edib. 

Sonda Dokuz Eylül Universitetinin Fənn fakültəsinin dekanı, professor Aylin Alın çıxış edərək səmərəli fikir mübadiləsi şəraitində keçən seminarın həm Azərbaycanın, həm də Türkiyənin elmi-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova seminarın  Yer  Elmləri seksiyasında “Azərbaycan ərazisinin Yer qabığının struktur kompleksləri” mövsuzunda məruzə ilə çıxış edib. 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə