Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib
Aprelin 22-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib. Açılış mərasimində AMEA rəhbərliyi və akademiyanın institut və elmi təşkilatlarının rəhbərləri, eləcə də əməkdaşları iştirak ediblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açılış mərasimində çıxış edib. Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı hər il AMEA tərəfindən mini futbol və müxtəlif idman yarışları keçirildiyini bildirən akademik mini futbol yarışlarında iştirak edən bütün komandalara uğurlar arzu edib.
Qeyd edək ki, açılış mərasimindən sonra komandalar arasındakı oyunlara start verilib. İlk qarşılaşma AMEA Rəyasət Heyətinin komandası ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası arasında baş tutub. Gərgin keçən oyun RSXM-nin komandasının 6:2 üstünlüyü ilə başa çatıb. Mini futbol yarışları may ayının birinci ongünlüyünə qədər davam edəcək.